Güney Azərbaycanda yerli hakimiyyətlə ilgili istiqamət və strategiya haqda müzakirələr vacibliğini, GATƏŞ platform konfransinda ADP sözçüsü Dr. SİMİN Səbri ön plana çıxardı.
Stokholmda keçirilən toplantıda Güney Azərbaycan milli hərəkatının fəalları və digər milli azlıqların nümayəndələri hərəkatın siyasi istiqaməti və gələcək hədəflərini müzakirə ediblər. Müzakirələrin əsas mövzusu “öz müqəddəratını təyin etmə haqqı” anlayışının təkbaşına siyasi strategiya kimi yetərli olmaması olub. İştirakçılar bildiriblər ki, konkret dövlət modeli və mərhələli plan təqdim edilmədikdə, dəyişiklik anında cəmiyyətin seçimi mərkəzçi qüvvələrin xeyrinə yönələ bilər.
Toplantıda tarixi təcrübələrə də diqqət çəkilib. 1979-cu il İran inqilabı misal göstərilərək vurğulanıb ki, alternativ siyasi modelin olmaması xalqın nəyə səs verdiyini tam dərk etmədən mövcud layihəni legitimləşdirməsinə səbəb olub. Bildirilib ki, bu gün vahid İran və mərkəzçi ideyalar fəal şəkildə təbliğ olunur və buna qarşı Güney Azərbaycan milli hərəkatı aydın siyasi xətt ortaya qoymalıdır.
Bəzi qurumların neytral və ümumi ifadələrlə kifayətlənməsi tənqid edilib. Çıxış edənlər qeyd ediblər ki, “öz müqəddəratını təyin etmə haqqı” anlayışı riskləri azaltmır, əksinə, istiqamətsizlik yaradaraq mərkəzçi və rejim qüvvələrinin mövqelərini gücləndirir. Onların fikrincə, istiqaməti olmayan siyasət hər zaman mövcud güc mərkəzlərinin maraqlarına xidmət edir.
Alternativ olaraq açıq son məqsəd və mərhələli siyasi layihə modeli təklif edilib. Son məqsəd kimi Güney Azərbaycan xalqının öz ərazisində tam siyasi hakimiyyətə sahib olması göstərilib. Keçid mərhələsi üçün federal respublika modeli irəli sürülüb və müəyyən müddətdən sonra referendum yolu ilə bölgələrin öz siyasi gələcəyini müəyyən etməsi ideyası səsləndirilib.
Müzakirələrdə vurğulanıb ki, xalq bu prosesi əvvəlcədən tanımalıdır. Abstrakt anlayışlar deyil, konkret struktur, aydın mərhələlər və real seçimlər təqdim edilməlidir.
Nəticə olaraq qeyd edilib ki, hərəkat aydın hədəf və keçid planı ortaya qoymasa, tarixi fürsəti qaçıra və istəmədən mövcud rejimin davamına xidmət edə bilər. Ehtiyac duyulan qeyri-müəyyənlik deyil, aydınlıq, məsuliyyət və siyasi cəsarətdir.